İnnovasiyalar Agentliyinin dəstəyi ilə biotexnoloji məhsulların ilkin təcrübə mərhələsi uğurla başa çatıb

Kənd təsərrüfatı sahəsində hazırlanan kimyəvi mineral gübrələri və pestisidləri innovasiyaların tətbiqi ilə üzvi gübrələrlə əvəz edən bioloji gübrələrin təcrübədən keçirilməsinin ilkin mərhələsi başa çatıb. İlkin təcrübə zamanı  “AgriBioEcoTex” MMC-nin innovativ Biomax G2, Bactovit G2, Fermentstart G2  biotexnoloji məhsullarından istifadə edilərək 8,5 ha ərazidə pambıq əkilmişdir.

Fermentstart G2 mikrobioloji məhlulu şirkətin yeni innovativ məhsuludur.  O, kompostlaşma prosesini tezləşdirərək 1 ay ərzində üzvi gübrə əldə etmək imkanı verir.

Bioloji gübrə yararsız torpaqları bərpa edir, münbitliyini yüksəldir, qida məhsullarının becərilməsini sürətləndirərək məhsuldarlığı artırır və ekoloji təmiz qida məhsullarının istehsal olunmasını təmin edir.  Gördüyünüz fotoda ⬇️ təcrübənin 15-ci günü təsvir edilib.

Gördüyünüz fotoda ⬇️ təcrübənin 35-ci günü təsvir edilib. İlk fotoda  mikrobioloji gübrələrdən isifadə olunub. İkinci şəkildəki nəzarət sahəsi ənənəvi üsulla becərilir.

Təcrübənin 50-ci günü ⬇️

Biotexnologiyaların istifadəsi ilə hazırlanan təbii gübrələrin kimyəvi mineral gübrələrlə və pestisidlərlə müqayisədə  əsas üstünlüyü kimyəvi qalıqların becərilən məhsulların üzərində qalmamasıdır. Bioloji gübrənin istifadəsi canlı orqanizimlərə və ekosistemə mənfi təsir göstərmir.

Təbii gübrələrin istehsalında faydalı bakteriyalar və  göbələklərdən, onların fermentlərindən istifadə etməklə biohumus əldə etmək mümkündür. Həmçinin xüsusi mikrobioloji preparatları tətbiq edərək hər növ heyvan, quş peyinlərini fermentasiya etməklə üzvi gübrələr hazırlana bilir.

Qeyd edək  ki, “AgriBioEcoTex” MMC Azərbaycanda biotexnologiyalardan geniş istifadə edən ilk şirkətdir. Şirkətin portfoliosu üzvi və mikrobioloji gübrələrdən ibarətdir. Şirkət bir çox Avropa və Asiya ölkələri ilə əməkdaşlıq edir.

İnnovasiyalar Agentliyinin dəstəyi ilə keçirilən uğurlu təcrübəni digər bölgələrdə də tətbiq edərək yararsız torpaqların sayının azaldılması, yararsız torpaqların bərpası, ekoloji təmiz məhsulların istehsalı və ekosistemə müsbət təsirini təmin etmək mümkündür.