İnnovasiyalar Agentliyinin Pirallahı YTP-nın rezidenti “RD SMART” şikətinin ağıllı dayanacaqları artıq Bakı şəhərində

Ölkə prezidentinin  tapşırığına əsasən Bakı şəhərində vətəndaşlar üçün yüksək səviyyəli nəqliyyat şəraitinin yaradılması istiqamətində tədbirlər davam etdirilir. Sərnişinlərin rahatlığını və təhlükəsizliyini təmin etmək məqsədilə ictimai nəqliyyat infrastrukturu, o cümlədən də avtobus dayanacaqlarının yenidən qurulması daim diqqətdə saxlanılır. 

Yaxın günlərdə paytaxt küçələrində Azərbaycanda ilk “ağıllı” yüksək texnoloji məhsulların istehsalçısı “RD Smart” şirkəti tərəfindən istehsal olunan bio-smart avtobus dayanacaq pavilyonlarının quraşdırılmasına başlanılıb. İlk “ağıllı” dayanacaq pavilyonu Heydər Əliyev Mərkəzinin yaxınlığında quraşdırılıb.

Günəş enerjisi ilə işləyən “Smart dayanacaq” hər 10 dəqiqədən bir 10 saniyə ərzində Azərbaycan alimlərinin ixtirası olan spirtsiz, xlorsuz və insan orqanizminə zərər yetirməyən “BİOSANİS” dezinfeksiya məhlulunu havaya püskürdərək dayanacaqda gözləyən sərnişinləri virusa yoluxmaqdan qoruyur. Bundan əlavə dayanacaqda əl üçün dezinfeksiya dispenseri də yerləşdirilib. Dayanacaq həmçinin pulsuz vay-fay, mobil cihazlar üçün 4 şarj yeri, USB port, 2 təhlükəsizlik kamerası və su satan vendinq aparatı ilə təchiz olunub. Sərnişinlərin rahatlığı üçün avtobusların hərəkət qrafiki isə xüsusi paneldə əks olunur və pavilyonda “BakıKart” ödəmə terminalı da var.

Hazırda İnnovasiyalar Agentliyi “RD Smart” şirkətinin istehsal etdiyi müxtəlif növ yüksək texnoloji məhsulların istehsalında dəstək göstərir. Şirkət Pirallahı Yüksək Texnologiyalar Parkında qurulacaq olan zavodda 25 növ ixrac potensialı yüksək olan texnologiya məhsulları istehsal etməyi planlaşdırır. Bildirmək istəyirik ki, “RD SMART” tərəfindən istehsal olunan “Ağıllı Şəhər”, yeni texnoloji məhsullar “Smart Şəbəkə”sinə inteqrasiya olunmağa tam hazırdır.

Qeyd edək ki, İnnovasiyalar Agentliyinin tabeliyində olan Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti  “RD SMART” tərəfindən hazırlanan “ağıllı” şəhər (smart-city) komponentləri – avtobus dayanacağı,  smart oturacaqlar və işıqlandırma dirəklərinin ilk nümunələri ötən ildə İsmayıllı rayonunun mərkəzində yerləşdirilmişdir.

    Leave Your Comment

    Your email address will not be published.*