İnnovasiyalar Agentliyi yerli startapları və innovasiya ekosisteminin liderlərini xarici investor və akseleratorlarla yaxından tanış etmək məqsədi ilə ardıcıl olaraq texnoloji və innovativ sahələrdə qabaqcıl ölkələrə mübadilə proqramları təşkil edir.
İsrail -2019
“10 startap layihəsi” və innovasiya ekosisteminin liderləri “İsrail İnnovasiya Turu” çərçivəsində İsrailin Qüds və Tel-Aviv şəhərlərinə səfər ediblər. Bu səfər çərçivəsində onlar 7 mart tarixində Qüds şəhərində keçirilən “2019 Ourcrowd Global Investors Summit”-ində iştirak etmək imkanı qazanıblar. Səfər zamanı dünyanın müxtəlif ölkələrindən olan startaplar, investorlar, aparıcı inkubasiya və akselerasiya mərkəzləri və vençur fondları ilə görüşlər keçirilib.
Səfər iştirakçıları “İsrail İnnovasiya Mübadilə Proqramı” çərçivəsində Tel – Aviv şəhərində yerləşən İsrail İnnovasiyalar Agentliyinin baş direktoru Avi Luvton ilə görüşüblər, Beer Sheva şəhərində yerləşən Texnologiyalar Parkını ziyarət ediblər. Burada patentlərin kommersiyalaşdırılmasına dair universitetlərlə əməkdaşlığın İsrail təcrübəsi müzakirə olunub. Görüşə qatılan “Tech 7” şirkətinin rəhbəri Yotam Tzuker Texnoparkın fəaliyyəti barədə geniş məlumat verib, Azərbaycandan olan startap və ekosistem liderləri ilə fikir mübadiləsi aparıb. Yotam Tzuker universitetlərin ekosistemin formalaşmasında böyük rolu olduğunu vurğulayıb, startaplara faydalı məsləhətlər verib və onların suallarını cavablandırıb.
Amerika – 2018
İnnovasiyalar Agentliyinin dəstəyi ilə ABŞ İnnovasiya Mübadilə Proqramı (USA Innovation Exchange Program) çərçivəsində Azərbaycandan olan 17 startap nümayəndəsi Silikon Vadisinə səfər ediblər. Səfər çərçivəsində startaplar ABŞ-ın San Françisko, San Xose, Boston və Nyu York şəhərlərində Plug and Play, MassChallange, Apple, Nutanix, Cambridge Innovation Centre (CİC), Fullbridge, Venture Cafe kimi akseleratorlar, şirkətlər və investorlar ilə görüşlər keçiriblər.
Bu səfər çərçivəsində “Fast Track” Akselerasiya proqramının qalibləri elan olunub.
ABŞ İnnovasiya Mübadilə Proqramı (USA Innovation Exchange Program) ərzində İnnovasiyalar Agentliyinin həyata keçirdiyi “Fast Track” akselerasiya proqramının qalibləri elan olunublar və onlara proqramda iştirak haqqı verən sertifikatlar təqdim olunub. “Fast Track” proqramının münsif və mentorlar qrupu ABŞ, İsrail, Polşa, Türkiyə və Rusiyadan olan nümayəndələrdən ibarət olub.
Proqramın qalibləri:
- Tap2Doc
- Data Forest
- IGREX
- Onbrach
- Healthy Living
Golden ticket almış layihələr:
- Buglance
- Keepface
Məlumat üçün qeyd edək ki, “Fast Track” dövlət qurumu tərəfindən həyata keçirilən ilk akselerasiya proqramıdır. Bu proqramın qalibi olmuş startap layihələr 4 ay boyunca müxtəlif texniki, maddi, hüquqi, maliyyə xidmətləri alır, dövlət və özəl sektor qurumları ilə müqavilələrin imzalanması və satışlarının həyata keçirilməsi üçün dəstək əldə edirlər. Proqramın son mərhələsində isə seçilmiş layihələrə investisiya cəlb olunmasına köməklik göstərilir.
ABŞ İnnovasiya Mübadilə Proqramının son günündə İnnovasiyalar Agentliyinin də təşkilatçısı olduğu Trans Xəzər İnnovasiya Forumu keçirilib.
Forumda açılış sözü ilə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta çıxış edib. Çıxışçılar arasına Qazaxıstan və Türkiyə konsulluqlarının nümayəndələri, Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin sədri Orxan Məmmədov, Cambridge Innovation Mərkəzinin direktoru Stat Qayşan, Masschallenge Qlobal Əməkdaşlıq Mərkəzinim direktoru Sunanda Narayan, Babson Enterpreneurship Ecosystemin direktoru Danile İsenberg, İnnovasiyalar Agentliyinin İdarə Heyətinin sədri Tural Kərimli və başqa natiqlər daxil olub.
Tədbirin sonunda İnnovasiyalar Agentliyinin reallaşdırdığı ABŞ İnnovasiya Mübadilə Proqramının ilk məzunlarına sertifikatlar təqdim olunub.
Dubay-2019
6-10 oktyabr tarixlərində Dubayda keçirilən “GITEX Texnology Week” və “GİTEX Future Stars” sərgiləri sona çatıb. “GITEX Texnology Week” Yaxın Şərqin və dünyanın ən böyük İKT sərgilərindən sayılır. Hər il sərgidə dünya texnologiya liderləri, müəssisə və startaplar bir araya gəlirlər. Bu il “GITEX” sərgisi 100-dən çox ölkənin 4,800 şirkətinə ev sahibliyi edib. Burda müxtəlif istiqamətlərdə inkişaf edən texnologiya şirkətləri öz məhsullarını dünyanın aparıcı sənayə liderlərinə, nüfuzlu qurum və potensial investorlara nümayiş etdiriblər. Sərgidə 3D printing, VR/AR, dronlar, robotiks və başqa texnologiya və innovasiyalar sahələrində məhsullar təqdim olunub. Sərgiyə Azərbaycandan İnEx mübadilə proqramı çərçivəsində İnnovasiyalar Agentliyinin rəhbər şəxsləri Fariz Quliyev, Ayan Kərimova, Tural Maqsudov qatılıb, beynəlxalq vençur fondları və investorlarla görüşlər keçiriblər. Yaponiyanın Xarici Ticarət Təşkilatı və Koreyanın Kiçik və Orta Sahibkarlıq Qurumu ilə yüksək texnoloji məhsul və xidmətlərin inkişafı sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb. Texnoloji məhsulların yığımı və satışını reallaşdırmaq məqsədi ilə xarici innovativ müəssisələrə rezidentliyin verilməsi də danışıqlar mövzusu olub. İtaliya Ticarət Agentliyinin Dubay nümayəndəliyi ilə startap mühitinin formalaşması və İtaliya texnoloji müəssisələrinin Azərbaycanda rezidentlik, maliyyələşmə, ticarət, istehsal və yığım imkanları araşdırılıb. Səudiyyə Ərəbistanı Texnoloji İnkişaf və İnvestisiyalar təşkilatı, İxrac Agentliyi, “Elham startap” təşkilatı, “Badr inkubasiya ve akselerasiya”, Birləşmiş Ərəb Əmirliklərinin “Hub71- Mabadala Startap İnkubasiya və Akselerasiya” qurumları ilə Azərbaycanda startap ekosisteminin inkişafına yönəlmiş ideya, məhsul və xidmət istehsalının dəstəklənməsi və maliyyələşdirilməsi də müzakirə olunub.
Çin-2019
Çinin Nannin şəhərində VII Çin-Mərkəzi Asiya Əməkdaşlıq Forumu keçirilib. “Quru və dəniz birləşməsi üzrə əməkdaşlığın müzakirəsi, innovasiyalar yolu ilə inkişafın stimullaşması” mövzusuna həsr olunan forumda müvafiq sənədlər imzalanıb və yekun Bəyannamə yayılıb. Tədbir çərçivəsində qadın inkişafının təşviqi məqsədi ilə Çin-Mərkəzi Asiya Qadın Forumu da keçirilib.
Forumda İnnovasiyalar Agentliyinin İdarə Heyətinin üzvü Ayan Kərimova iştirak edib.
Nümayəndə heyəti Nannin, Qinzhou və Beyhay şəhərlərində sənaye turlarında iştirak ediblər. Onlar limanlarda, “Ağıllı Şəhərlər”in inkişafı üçün İnnovasiya Mərkəzində, Çin-Sinqapur Beynəlxalq Logistika Parkında olublar. Görüşlərdə son illər Azərbaycan-Çin münasibətlərinin dinamik inkişafı, “Bir Kəmər, Bir Yol” təşəbbüsü çərçivəsində əməkdaşlıq məsələləri də müzakirə olunub.